Fermerlərə subsidiyaların verilməsi davam edir

Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib. Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, bu məbləğin 17 milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına çatıb.
Yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50146 nəfər) subsidiya alıb. Bu fermerlərin 19515 nəfəri pambıq istehsalçısıdır.
Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27910 fermerə 4 525 500 subsidiya ödənilib.
19 min nəfərə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.
Ölkəmizin 30 rayonundan olan 3382 kümçü istehsal müəssisəsinə 279 884 kiloqram barama təhvil verərək, 1.4 milyon manat məbləğində dövlət subsidiyası alıb.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) onlayn platforması üzərindən müraciət və təsdiq əsasında, Fermer Kartlarına köçürməklə verilir. Bugünədək EKTİS-də 519 674 fermer qeydiyyatdan keçib. Payızlıq və çoxillik əkinlər də daxil olmaqla, dövlət fermerlərə yeni qaydalarla  229 milyon manat subsidiya ödəyib.
Mənbə:www.agro.gov.az

Dabaq xəstəliyinə qarşı peyvəndləməyə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) dabaq xəstəliyinə qarşı ilin ikinci yarımilliyi üçün profilaktik peyvəndləmə tədbirinə başlayıb. Artıq dabaq vaksininin ikinci bölgüsü yekunlaşdırılıb və yerlərə çatdırılıb. 

Peyvəndləmə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq «Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na əsasən  aparılır.Qeyd edək ki, ötən 8 ay ərzində ölkə ərazisində 2327188 baş (o cümlədən  93406 baş cavan heyvanlarda) iribuynuzlu və  4 544 145 baş xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı peyvənd edilib.

AXA mütəxəssisləri tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında da məlumatlar verirlər.

Aqrar Xidmətlər Agentliyi dabaq xəstəliklərinə qarşı aparılan profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini və aidiyyəti yerli qurumların baytar mütəxəssislərini əməkdaşlığa dəvət edir. AXA xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər. 
Mənbə:www.agro.gov.az

Bu gün Milli Mətbuatımızın yaranmasının 145 illiyi tamam olur.

“MƏTBUAT DEMOKRATiK PRİNSİPLƏRİN FORMALAŞMASINDA  ƏN BAŞLICA VASiTƏDiR”

 
Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”
Bu sözlər Azərbaycan xalqının böyük oğlu, dahi mütəfəkkir Həsən bəy Zərdabiyə aiddir. Bu gün Həsən bəyin əsasını qoyduğu, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi”nin yaranmasından 145 il ötür. Mətbuatımıza işıq salan, böyük bir jurnalist, maarifçi ordusu yetişdirən “Əkinçi” məktəbi həm də mətbuatımızın əzm, fədakarlıq, mübarizə məktəbidir. Qəzetin ilk nəşri 1875-ci il iyul ayının 22-də işıq üzü görmüşdü. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”. Çox ciddi senzura altında nəşr olunan qəzetin cəmi 56 nömrəsi çapdan çıxmış, 1877-ci ildə onun nəşrinə qadağa qoyulmuşdur. H.Zərdabinin əsas fəaliyyəti xalqın düşüncəsinə təsir etmək, onu gerilik və cəhalətdən qurtarmaq, millətin mənlik şüurunun inkişafına nail olmağa yönəlmişdir