Bu gün Milli Mətbuatımızın yaranmasının 145 illiyi tamam olur.

 “MƏTBUAT DEMOKRATiK PRİNSİPLƏRİN FORMALAŞMASINDA 
ƏN BAŞLICA VASiTƏDiR”
 
Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”
Bu sözlər Azərbaycan xalqının böyük oğlu, dahi mütəfəkkir Həsən bəy Zərdabiyə aiddir. Bu gün Həsən bəyin əsasını qoyduğu, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi”nin yaranmasından 145 il ötür. Mətbuatımıza işıq salan, böyük bir jurnalist, maarifçi ordusu yetişdirən “Əkinçi” məktəbi həm də mətbuatımızın əzm, fədakarlıq, mübarizə məktəbidir. Qəzetin ilk nəşri 1875-ci il iyul ayının 22-də işıq üzü görmüşdü. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”. Çox ciddi senzura altında nəşr olunan qəzetin cəmi 56 nömrəsi çapdan çıxmış, 1877-ci ildə onun nəşrinə qadağa qoyulmuşdur. H.Zərdabinin əsas fəaliyyəti xalqın düşüncəsinə təsir etmək, onu gerilik və cəhalətdən qurtarmaq, millətin mənlik şüurunun inkişafına nail olmağa yönəlmişdir
 
Qəzetdə Həsən bəyin ictimai-siyasi, fəlsəfi, maarifçilik, əkinçilik və kənd təsərrüfatı, eləcə də təbiətşünaslığa dair mülahizələri öz əksini tapırdı. Onun səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edilir, dünya xalqlarının mədəniyyətindən nümunələr göstərilirdi. Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə etdikləri ən münasib və güclü vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın, demək olar ki, hamısının həyatı mətbuatla sıx bağlı olmuşdu. Məhz bu qeyrətli insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəlmiş və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət nümunəsini yarada bilmişdi.
Mətbuat tariximizdə ən böyük hadisələrdən biri 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi idi. Bu, azad və demokratik Azərbaycan mətbuatının formalaşması üçün əsas şərt idi. Təbii ki, həmin dövrdə demokratik mətbuatın yaranması və inkişafı üçün ciddi əngəllər var idi ki, onlardan biri də senzuranın mövcud olması idi. Müasir dövrdə informasiya amili mühüm önəm kəsb edir və dünyada bu faktor daha da güclənməkdədir. 2017-ci ili iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, hazırda Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq Azərbaycan Milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. Bu bir daha dövlət başçısının Milli mətbuata verdiyi yüksək qiymətin və qayğının təcəssümüdür. Milli mətbuatımız milli və ümumbəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hisslərinin cəmiyyətə aşılanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılmasında yaxından iştirak edir.
Əkinçi qəzetinin nəşr olunmasından sonra Azərbaycanda sovet dövrlərinin təsirlərinə baxmayaraq bir çox mətbuat orqanları nəşr olunmağa başlamışdır. Bunlardan biri də “Azərbaycan 
Aqrar Elmi Jurnal”ıdır . O, 1968 ci ildə yaradılmışdır.        
Jurnal Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarında və digər aqraryönümlü elmi-tədqiqat və təhsil müəssisələrində aparılan respublikanın kənd təsərrüfatı üçün mühüm əhəmiyət kəsb edən torpaqların münbitliyinin yaxşılaşdırılması, biomüxtəlifliyinin qorunması, saxlanılması və istifadəsi, bitkiçilikdə və heyvandarlıqda yeni yüksək məhsuldar sort və cinslərin yaradılması, mütərəqqi texnologiyaların hazırlanması və kənd təsərrüfatı istiqamətli müəssisə, institut və ali məktəb müəllimlərinin, tədqiqatçıların elmi əsərləri nəşr olunur. Jurnal aqrar sahə mütəxəsissləri və ali məktəb müəlimlərinin istifadəçisi üçün nəzərdə tutulmuşdur.