BƏRK BUĞDA NÜMUNƏLƏRİNİN ZÜLAL VƏ BİOMORFOLOJİ MARKERLƏRLƏ ANALİZİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

   Populyasiya, populyasiya qrupları və ya növün genetik xarakteristikasının əsası olan genetik müxtəlifliyin öyrənilməsi və qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, dünya əhalisinin sürətlə artımı, biomüxtəlifliyin azalması, əkinə yararalı torpaqların məhdudlaşması insanların qida tələbatını ödəməkdə ciddi problemlər yarada bilər. Bu təhlükənin qarşısını kənd təsərrüfatı əhəmiyyətli bitkilərin məhsuldarlığının artırılması yolu ilə almaq olar. Məhsuldarlığın artırılması kəmiyyət və keyfiyyət göstəricilərinin yüksək olduğu məhsuldar sortların yaradılması ilə mümkündür. Belə genotipləri yaradarkən tədqiq olunan populyasiyaların genetik müxtəlifliyi öyrənilməli, həmçinin əlamətlərin 
genetik idarəolunma sistemləri haqqında informasiya  toplanmalıdır.Hər hansı bir növün daxilində genetik müxtəlifliyin azalması növün faydalı və vacibxüsusiyyətlərinin itirilməsinə gətirib çıxara bilər. Genetik müxtəlifliyin itirilməsi ehtiyat  resursların gələcəkdə istifadəsi imkanlarını azaldır. Xüsusilə, qida əhəmiyyətli bitkilərin,  məsələn buğdanın genetik müxtəlifliyinin öyrənilməsi çox vacibdir. Bunun bir sıra səbəbləri  vardır.  Məsələn, çarpazlaşma üçün genetik əsaslandırılmış başlanğıc materialın seçilməsi, gələcək nəsillər üçün gen banklarda buğdanın daha geniş genetik müxtəliflik ehtiyatlarının saxlanılması və s.
Genetik müxtəlifliyin strukturu müxtəlif markerlərlə öyrənilir ki, onları da şərti şəkildə 3 qrupa bölmək olar: kompleks keyfiyyət və
kəmiyyət əlamətlərinin dəyişməsinə əsaslanan üsullar  (morfoloji markerlər), zülal markerləri və DNT markerlərinin tədqiqinə əsaslanan üsullar.
Bərk buğda becərilmə sahəsinə görə dünyada yumşaq buğdadan sonra ikinci yeri tutur və makaron, manna yarması istehsalında və çörəkbişirmədə yaxşılaşdırıcı kimi istifadə olunur. Bərk buğdanın tərkibində zülalın miqdarının yüksək olması (26%ə qədər) və  kleykovinasının keyfiyyətliliyi bu bitkinin 
seleksiyaçılar üçün əhəmiyyətini artırır ki, bu da onun genetik 
müxtəlifliyinin öyrənilməsi və qorunub saxlanılmasını zəruri edir.
Məqalə yerli və intriduksiya olunmuş bəzi bərk buğda sort və sort-nümunələrinin genetik müxtəlifliyinin biomorfoloji əlamətlər və qliadin zülalları əsasında öyrənilməsi və alınan nəticələrin müqayisəsinə həsr olunmuşdur.
Material və metodika. Tədqiqat işi üçün Abşeron YTT-da becərilmiş 53 bərk buğda sortnü- munəsi və onların valideynləri olan 22 bərk buğda sortu götürülmüşdür. Bu nümunələrdə kleykovina, KDƏ, SDS-sedimentasiya Pena metodu .zülalın miqdarı Keldal üsulu ilə,   qliadin zülalları isə poliakrilamid gelində elektroforez üsulu ilə öyrənilmişdir. Həmçinin həmin nümunələrin biomorfoloji əlamətləri tədqiq olunmuşdur.
Nəticələr və onların müzakirəsi. Tədqiq olunan nümunələrin genetik müxtəlifliyi ilk olaraq biomorfoloji markerlər əsasında öyrənilmişdir. Belə ki, 53 bərk buğda sortnümunəsinin  boyu, buğumların sayı, sünbül altlığı, əsas sünbül və qılçığın uzunluğu, sünbülcüklərin, sünbülcükdə dənin və əsas sünbüldə toxumların sayı, sünbülün kütləsi, biokütlə, ümumi və məhsuldar gövdələrin sayı, məhsuldarlıq kimi biomorfoloji əlamətləri, kleykovinanın miqdarı, KDƏ, sedimentasiya, zülalın miqdarı kimi keyfiyyət göstəriciləri tədqiq olunmuşdur.
Keyfiyyət analizlərindən xüsusən, SDS–sedimentasiyanı qeyd etmək lazımdır. Belə ki, bir neçə il təkrar aparılan analizlər nəticəsində tədqiq olunan nümunələrin içərisində 12-nin güclü (13.0-18.0 ml), 18-nin orta güclü (10.0-13.0 ml) və 23-nün zəif buğdalar (10.0 ml-dən aşağı) qrupuna aid olunduğu müəyyən edildi.
Ümumilikdə, öyrənilmiş bütün keyfiyyət əlamətləri arasında əlaqələrə nəzər salsaq görərik ki, kleykovinanın miqdarı “orta güclü” nümunələrdə daha yüksəkdir (Cədvəl 1). KDƏ-nin ən yüksək qiymətinə güclü buğda qrupunda, ən aşağı isə zəif qrupda toplanan sortnümunələrdə  rast gəlinir. Deməli, SDS-sedimentasiyanın göstəricisinə görə güclü olan qrupda toplanan buğdalarda kleykovinanın keyfiyyəti də yüksək olur. Bu isə nümunənin dən keyfiyyətinin yüksək olduğunu deməyə imkan verir.
Zülalın miqdarı yüksək olan nümunələr də “güclü buğda” qrupuna aiddir.
Həmçinin, nümunələrin qliadin ehtiyat zülalları da öyrənilmişdir. Zülalın ehtiyat zülalı olan qliadinlərin tədqiqi bərk buğdaların genetik xüsusiyyətlərinin öyrənilməsində effektiv olub, bu kulturanın sort və formalarının 
genetik əsaslandırılmış qeydiyyat sistemini yaratmağa və  onun seleksiyasının sürətləndirilməsinə imkan verir. Tədqiqat zamanı qliadin zülalları Acid-PAGE metodu əsasında poliakrilamid gellərində elektroforez olunmaqla analiz edilmiş, klaster  analizinin tətbiqi ilə hesablanmış nümunələrarası Nei genetik məsafə indeksinin qiymətləri əsasında genotiplər 9 klasterdə birləşdirilmişdir. (Şəkil 1).
Onların içərisində 6,7 və 8-ci klasterlər nisbətən çox sayda nümunəni özündə birləşdirir.
2 və 3-cü klasterlər hər biri bir, 5 və 9-cu klasterlər isə hərəsi iki nümunəni birləşdirir.
Klaster analizi Nei genetik məsafə indeksi əsasında aparılmışdır. Belə ki, əgər nümunələr arasında genetik məsafə 0-1 arasındadırsa, deməli onlar bir-birinə çox yaxındılar. Lakin əgər məsafə 1-ə bərabərdirsə deməli, nümunələr genetik cəhətdən 100 % fərqlidirlər. 23, 31, 35, 37, 45, 53-cü nümunələrlə digər nümunələr arasında genetik məsafə nisbətən böyük olduğundan, onlar genetik cəhətdən daha fərqlidirlər.
Keyfiyyət əlamətlərinin analizlərinin nəticələri Acid-PAGE metodunun tətbiqi ilə əldə olunmuş nəticələrlə müqayisə edilmişdir. SDS –sedimentasiya göstəricisinə görə “güclü”, “orta güclü” və “zəif” buğdalar qrupuna aid nümunələr qliadin zülallarının müxtəlifliyinin klaster analizi nəticəsində də bir-birlərindən fərqləndirilərək, ayrı-ayrı klasterlərdə birləşdirilmişlər; belə ki, “güclü” buğdalar qrupuna aid Tərtər-Kəhrəba və Tərtər-Mirvari çarpazlaşmalarından alınan hibrid- lər 4-cü klasterdə, “zəif” buğdalar qrupuna aid Tərtər-Zedoni 3D 56, Şiraslan-Vüqar, Bərəkətli 95- Əlincə 84 hibrid nümunələri 6-cı klasterdə, “orta güclü” buğdalar qrupunda toplanmış nümunələr isə 8-ci klasterdə lokallaşmışlar. Beləliklə, Acid-PAGE metodunun tətbiqi nəticəsində aşkar edilmiş zülal spektrləri bizə bu və ya digər nümunənin keyfiyyət əlamətləri haqqında əvvəlcədən fikir yürütməyə imkan verir.

Keyfiyyət əlamətləri arasında əlaqələr
 
SDS-sedimentasiya, mlKleykovina, %KDƏ, c.ş.vZülal, %
Güclü33.493.015.7
Orta güclü35.597.514.5
Zəif33.6111.514.8