"Azərbaycan Aqrar Elmi" jurnalı

 
 

  "Azərbaycan Aqrar Elmi" jurnalı 1968-ci ildə Azərbaycan SSR kənd Təsərrüfatı Naziriliyinin nəzdində "Kənd Təsərrüfatı Elminin Xəbərləri" adı ilə yaradılmışdır. Jurnalın təsisçisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyidir.
   Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin 11 mart 1990-cı ildə 192 N-li əmri ilə jurnalın adı dəyişdirilərək – "Azərbaycan Aqrar Elmi" jurnalı adlandırılmış və hər nömrəsi beş çap vərəqi həcmində olmaqla ayda bir dəfə nəşr olunması  məqsədəuyğun hesab edilmişdir.  Jurnal 1990-cı ildən sonra bütün digər mətbuat orqanları kimi jurnal özünümaliyyələşdirmə (təsərrüfat hesablı) prinsipi ilə işləyir. Respublikamız müstəqillik əldə etdiyi vaxta qədər jurnal dövlət büdcəsindən maliyyələşib və ildə altı nömrəsi dərc edilmişdir.  "Kənd Təsərrüfatı Elminin  Xəbərləri" jurnalı kənd təsərrüfatının ayrı-ayrı sahələrinə aid tədqiqatların nəticələri haqqında məqalə və məlumatlar, elmi-nəzəri problemlərə, metodika məsələlərinə və elmi diskussiyalara aid materiallar habelə başqa əsərlər barədə tənqidi və biblioqrafiya məlumatları dərc edilmişdir.Jurnalın əkinçilik və bitkiçilik, heyvandarlıq və baytarlıq, kənd təsərrüfatının mexanikiləşdirilməsi və elektriktiləşdirilməsi, meşəçilik və aqromeliorasiya, hidrotexnika və meliorasiya, iqtisadiyyat və istehsalın təşkili və sair bölmələri  fəaliyyət göstərmişdir. 1992-ci ilin büdcə layihəsində respublika büdcəsindən maliyyələşən qəzet və jurnallara büdcədən subvensiya verilməsi dayandırılmışdır.  Jurnal təsərrüfat hesabı ilə fəaliyyət göstərməli olmuşdur.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 N-li qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları əsasında "Azərbaycan Aqrar Elmi Mərkəzi" yaradılmış və "Azərbaycan Aqrar Elmi" jurnalı Elmi Mərkəzin tərkibinə daxil edilmişdir.   
 Jurnal Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarında və digər aqraryönümlü elmi-tədqiqat və təhsil müəssisələrində aparılan respublikanın kənd təsərrüfatı üçün mühüm əhəmiyət kəsb edən torpaqlarının münbitliyinin yaxşılaşdırılması, biomüxtəlifliyinin qorunması, saxlanılması və istifadəsi, bitkiçilikdə və heyvandarlıqda yeni yüksək məhsuldar sort və cinslərin yaradılması, mütərəqqi texnologiyaların hazırlanması və kənd təsərrüfatı yönlü müəssisə, ali məktəb müəllimlərinin, elm adamlarının, dissertantların, doktorların yazıları dərc olunur.  Jurnal kənd təsərrüfatı elmi idarələrində tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsinə aktual problemlərin müvəffəqiyyətlə həll edilməsinə, yeni mütərəqqi metod və üsulları elmi surətdə yekunlaşdırılıb respublikanın təsərrüfatlarında həyata keçirilməsinə hərərəfli kömək etməyi qarşısına vəzifə qoymuşdur.
  "Azərbaycan Aqrar Elmi" jurnalının baş redaktoru iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənlidir.