MÜXTƏLİF MƏNŞƏLİ NOXUD GENOTİPLƏRİNİN MOLEKULYAR MARKERLƏRLƏ MÜQAYİSƏLİ ANALİZİ

Noxud  öz-özünə tozlanan diploid paxlalı bitki olub, buğda, arpa, çovdar və mərcimək ilə birlikdə 
12000-10000 il əvvəl Məhsuldar Ayparada kənd təsərrüfatı təkamülünün bir hissəsi kimi mədəniləşdirilmişdir . Noxud bitkisi yüksək qida dəyərinə malik olub, xüsusən inkişaf etmiş ölkələrdə ucuz protein mənbəyi kimi, həmçinin torpaq münbitliyinin artırılması məqsədilə geniş şəkildə becərilir. Becərilmə sahəsinə, məhsuldarlığına görə dünyada üçüncü yeri tutan, sosial-iqtisadi cəhətdən, eləcə də ərzaq bitkisi olaraq böyük əhəmiyyətə malik noxud bitkisi Azərbaycan Respublikasında da ən çox yetişdirilən dənli-paxlalı bitkilərdən biridir. Azərbaycanda noxud əsasən Cəlilabad, Masallı, Lənkəran, Füzuli, Bərdə, Sabirabad,  Şamaxı, İmişli, Ucar, Qazax rayonlarında və Naxçıvan MR-da əkilib becərilir.
Noxudun nisbətən kiçik ölçülü (738 Mb) haploid genomu onun model bitki kimi genom tədqiqatlarında istifadəsinə imkan verir. Yüksək məhsuldar, tez yetişən, davamlı sortların yaradılması noxud yaxşılaşdırma proqramlarının başlıca vəzifələrindəndir. Əksər bitkilərdə olduğu kimi, müasir bitki seleksiyası proqramları yerli, adaptasiya olumuş xalq seleksiyası  sortlarını genetik baxımdan eynicinsli müasir sortlarla əvəz etməklə, mədəni noxudun genetik müxtəlifliyinin azalmasına səbəb olmuşdur. Bir çox milli və beynəlxalq kolleksiyalarda noxud  bitkisinin ənənəvi sortlarından, seleksiya xətlərindən və yabanı əcdadlarından ibarət genofonduqorunub saxlanılır. Genetik variasiyaların əsas mənbəyi hesab olunan bu təbii ehtiyatların noxud bitkisinin genetik müxtəlifliyinin zənginləşdirilməsi məqsədilə istifadəsi onların sürətli və  düzgün qiymətləndirilməsindən, təsərrüfat əhəmiyyətli allelərin müəyyən edilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Bütün genomu əhatə edən və ətraf mühit amillərindən asılı olmayan molekulyar markerlər genetik müxtəlifliyin tədqiqində əvəzsiz vasitə hesab edilir. Müxtəlif qrup DNT markerlər arasında ISSR və RAPD markerləri sürətli, ucuz və nisbətən sadə olduğundan geniş şəkildə istifadə edilir . RAPD markerləri qısa oliqonukleotid praymerlər vasitəsilə genomun təsadüfi hissələrinin, ISSR markerlər isə bir-birinə əks istiqamətdə yerləşən iki mikrosatellit lokus arasındakı DNT hissəsinin amplifikasiyasını nəzərdə tutur. ISSR və RAPD texnologiyası müxtəlif bitki kolleksiyalarının genetik identifikasiyası, nümunələr arasında genetik məsafənin təyini və s. istiqamətlərdə tətbiq olunmuşdur .
Tədqiqat işində məqsəd RAPD və ISSR markerlərlə müxtəlif mənşəli noxud sort və nümunələrinin genetik müxtəlifliyinin və qohumluğunun tədqiqindən ibarətdir.
Material və metodlar. Tədqiqat materialı olaraq, müxtəlif illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi-təcrübə bazasında tədqiq edilərək genbanka təhvil verilmiş 45 noxud genotipindən istifadə edilmişdir. Nümunələrdən DNT-nin ekstraksiyası CTAB protokolu əsasında həyata keçirilmişdir. PZR reaksiyasının ümumi həcmi 20 µl olmaqla, 2µl 10x PZR buferi, 1 µl 50 mM MgCl2, 1 µl 10 mM dNTP, 2 µl 10 µM praymer, 0.1 µl5U/µl Taq polimeraza və 2 µl 50 nq/µl DNT-dən təşkil olunmuşdur. PZR reaksiyası ilkin denaturasiya (94 °C temperaturda 3 dəqiqə), 38 tsikl (94 °C-də 40 saniyə, praymerin birləşmə temperaturunda 40 saniyə, 72°C-də 2 dəqiqə) və son elonqasiya (72°C-də 1 dəqiqə) mərhələlərindən ibarət olmuşdur. Amplifikasiya məhsulları 1xTBE buferində  1.2%-li aqaroz gelində elektroforetik analiz edilmiş, “Gel documentation system”-i vasitəsilə görüntülənmişdir. Genetik Müxtəliflik İndeksi Weir, polimorf informasiya tutumu-PIC Roldan-Ruiz və b, effektiv multipleks əmsalı (EMR) və marker indeksi (MI) Powell və b, görüntüləmə qabiliyyəti (RP) və orta görüntüləmə  qabiliyyəti (MRP) Prevost və Wilkinson düsturu əsasında hesablanmışdır. SPSS kompyuter proqramı vasitəsilə Cakkard genetik oxşarlıq indeksi əsasında dendroqram tərtib  edilmiş və nümunələr qruplaşdırılmışdır.
Nəticələr və onların müzakirəsi. Genetik müxtəliflik haqqında informasiya seleksiya prosesi, nümunələrin identifikasiyası, dublikatların aradan qaldırılması və özək kolleksiyaların yaradılması ilə bağlı tədqiqatlarda mühüm əhəmiyyət kəsb edir. Valideynlər arasındakı genetik müxtəliflik aqronomik əlamətlərə görə daha üstün seqreqatların əldə edilməsi üçün ilkin şərtdir
Müxtəlif mənşəli noxud genotiplərinin genetik müxtəlifliyi 7 ISSR və 2 RAPD markerindən istifadə etməklə müqayisəli şəkildə qiymətləndirilmişdir. Yeddi ISSR praymerindən ikisi (UBC 810 və UBC 823) monomorf xarakterli olmuş, analizlər 5 praymerlə davam etdirilmişdir. Ümumilikdə, 45 noxud genotipi üçün ISSR praymerlərlə 30 bənd sintez olunmuş, hər praymerə düşən ümumi bənd sayı 6, polimorf bənd sayı isə 1.8 ədəd təşkil etmişdir. Ən yüksək polimorfizm göstəricisi IS 11 (43%), ən aşağı göstərici isə UBC 818 (17%) praymeri ilə əldə olunmuşdur.