Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən Kənd Təsərrüfatı Naziryinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, bu sənədin imzalanması aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm bir addımdır. O bildirib ki, Anlaşma Memorandumu respublikada məhsul istehsalının artırılması üçün istehsal vasitələrindən düzgün və vaxtında istifadə edilməsi, əkin sahələrində fitosanitar tədbirlərin təşkili və xidmətlərin göstərilməsinin koordinasiya olunması, o cümlədən, bitki sağlamlığı və mühafizəsi, məhsuldarlığın artırılmasının təmin edilməsi üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə imzalanır. Sənədi imzalayan tərəflər ölkə ərazisində sağlam ekoloji mühitin və fitosanitar sabitliyin qorunması, zərərverici, xəstəlik və alaq otlarına qarşı səmərəli mübarizə tədbirlərinin aparılması mexanizminin müasir üsul və texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq edəcəklər. Eyni zamanda sənədə əsasən, bitki sağlamlığının innovativ üsullarla izlənməsi, fitosanitar mühitin qorunması və ekoloji cəhətdən səmərəli inteqrir mübarizə sistemlərinin qurulması istiqamətində fitosanitar mütəxəssislərin maarifləndirilməsi, respublikanın bölgələrində istehsalçılara bitki mühafizəsi sahəsində müasir texnoloji proseslər barədə birgə maarifləndirici təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulur.
