Astarada heyvanların vaksinasiyası davam etdirilir

   Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, Astara Rayon Baytarlıq İdarəsi tərəfindən xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilir və heyvanlara baytarlıq xidmətləri göstərilir. 
Hazırda “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Astara rayonunda iribuynuzlu, xırdabuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Belə ki, cari ilin 9 ayı ərzində 39191 baş (o cümlədən 4276 baş cavan iribuynuzlu heyvanda) iribuynuzlu, 20698 baş xırdabuynuzlu və 813 baş təkdırnaqlı heyvanlarda qarayara əleyhinə vaksinasiya işləri görülüb. 
Agentliyin Astara Rayon Baytarlıq İdarəsi cari ilin 9 ayı ərzində qarayara  xəstəliyinə qarşı aparılan tədbirlərlə yanaşı, dabaq xəstəliyinə qarşı 42176 baş iribuynuzlu və 17569 baş xırdabuynuzlu heyvanda, quduzluq xəstəliyinə qarşı 3827 baş itdə, 32 baş ana qoyunda, 13 baş iribuynuzlu heyvanda və 2659 baş vəhşi heyvanda (oral yolla), nodulyar dermatit xəstəliyinə qarşı 44808 baş (6592 baş cavan iribuynuzlu heyvanda) iribuynuzlu heyvanda, çiçək xəstəliyinə qarşı 22596 baş (o cümlədən 3164 cavan xırdabuynuzlu heyvanda) xırdabuynuzlu heyvanda,  leptospiroz xəstəliyinə qarşı 4644 baş iribuynuzlu heyvanda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 189592 baş quşda “H” vaksini ilə, 197120 baş cücədə “La-Sota” vaksini ilə profilaktik peyvəndləmələr yerinə yetirilib.  May ayından başlayaraq Astara Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib. Artıq 16839 baş iribuynuzluda “S-19“ ştammı, 13220 baş xırdabuynuzlu heyvanda isə “Rev-1” ştammı ilə peyvəndləmə aparılıb.
 Hazırda Astara rayonunda xırdabuynuzlu və iribuynuzlu heyvanların buruselyozuna qarşı göz damcı üsulu ilə, eləcə də mal-qaranın dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə 517 baş ana qoyundan və 333 iribuynuzlu heyvandan bruselyozun müayinəsi məqsədi ilə qan nümunələri götürülüb, laboratoriyaya təqdim olunub.
Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin 9 ayı ərzində 108 quşda askaridioza, 118 baş iribuynuzlu və 141 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 123 baş iribuynuzlu və 118 baş xırdabuynuzlu heyvanda fassilyoza, eləcə də 33 baş xırdabuynuzlu heyvanda tizaniezioza və monezioza görə koproloji müayinələr aparılıb.
  9 ay ərzində Astara rayonunda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezenfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 5 obyektin 822 kv metr sahəsində profilaktik, 64 obyektin 30990 kv metr sahəsində məcburi dezenfeksiya aparılıb.  Rayonda epizootik tədbirlərin aparılması “Soyuq zəncir” rejiminə düzgün riayət olunması üçün baytarlıq idarəsi lazımı ləvazımat və avadanlıqlarla təmin edilib.
  Aparılan tədbirlərin nəticəsidir ki, Astara rayonunda epizootik sabitlik qorunub saxlanılıb, yəni rayonda istehsal olunan ət və süd məhsulları baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır. Çünki heyvanlar arasında hər hansı iti yoluxucu xəstəlik aşkar edilməyib.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.  Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Mənbə: www.agro.gov.az